AĞDAM
3
İyul2025
Xıdırlı kəndinin 1-ci mərhələsinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 3-də Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etmişdirlər.
Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişdirlər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Bu sahəyə 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi və burada 1498 fərdi evin inşası nəzərdə tutulur.
Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilmişdir ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır. Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilmişdir. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilmişdir. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir.

