XANKƏNDİ
3
İyul2025
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoymuşdur.
Bərdə–Ağdam dəmiryol xəttinin davamı olan Ağdam–Xankəndi dəmiryol xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmiryol xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanmışdır. Bu dəmiryol xətti boyunca 3 stansiyanın – Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcəkdir.
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə artıq başlanılmışdır. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcəkdir. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmiryol platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulmuşdur. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaqdır. Kompleksin dəmiryol bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcəkdir.
