XANKƏNDİ
3
İyul2025
Xankəndidə Zəfər parkında tikinti işləri ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olmuşdur.
Təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülmüşdür. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaqdır. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır.
Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulmuşdur. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcəkdir. Abidənin üst hissəsinə – baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulmuşdur. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kol əkilmişdir.
