XANKƏNDİ
19
Fevral2025
Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Azərbaycan–Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olmuşdur.
Ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilmişdir. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulmuşdur. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur.
Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilmişdir. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsullarının istehsal edilməsi nəzərdə tutulur.
Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda burada işlə təmin olunmuşdur. Müəssisədə xüsusi diqqət, əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna yetirilmişdir. Burada ümumilikdə 800 iş yeri yaradılacaqdır.
