İYUL – DEKABR, 2023

8

Noyabr

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak etmişdirlər. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport vermişdir.

Dövlətimizin başçısı şəxsi heyəti salamladıqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Hərbi orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdikdən sonra dövlətimizin başçısı paradda çıxış edərək bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etmişdir. Azərbaycan Prezidentinin çıxışından sonra Silahlı Qüvvələrin parad heyətlərinin hərbi orkestrin müşayiəti ilə təntənəli şəkildə başlayan hərbi parad “Qələbə” marşının ifası ilə başa çatmışdır.