XANKƏNDİ
3
İyul2025
Xankəndi Konqres Mərkəzinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Konqres Mərkəzinin açılışında iştirak etmişdir.
Müasir texniki avadanlıqlarla təchiz olunmuş konqres mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir. Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılmışdır. Özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirən bu mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar vardır.
Konqres mərkəzinin fəaliyyətinin ilkin mərhələsində 12 nəfər daimi iş yeri ilə təmin olunmuşdur. Onlardan 8-i Xankəndi, Xocalı, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir.

