ŞUŞA
19
Sentyabr2024
Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak etmişdir.
Üzeyir Hacıbəylinin ev-muzeyində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2022-ci ilin aprel ayından başlanılmışdır. Bərpa prosesi evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasını, həmçinin həyətyanı sahənin yaşıllaşdırılmasını əhatə etmişdir. Ərazidə mövcud divar daşlarının sökülərək ölçülərinə görə inventarlaşdırılması, dağılmış hissələrdə bünövrələrin qazılması və sahənin ümumi təmizlənməsi işləri aparılmışdır. Həmçinin material analizi üzrə nümunələr götürülərək Türkiyədəki laboratoriyada tədqiq edilmiş, konservasiya və restavrasiya hesabatları yerinə yetirilmişdir.
Ev-muzeyinin daxilində divarlar və arakəsmələr hörülmüş, döşəmənin bərpası və yenidən qurulması işləri görülmüşdür. Həyətin daş divarının bərpası üzrə bünövrənin qazılıb betonlanması, tarixi görkəminə uyğun hörgüsü və dekorativ elementlərin qoyulması işləri həyata keçirilmişdir.
Muzey binasında aparılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılmışdır. Burada muzeyin konsepsiyası üzrə Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.

