XOCALI
18
İyul2025
Təzəbinə kəndində görülən işlərlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuşdur.
Kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaqdır. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaqdır. 2025-ci il iyulun 14-də 28 ailə – 125 nəfər yaşamaq üçün kəndə qayıtmışdır.
Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunmuş, sayğaclaşdırma prosesinə başlanılmış, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilmiş, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunmuşdur. Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilmiş, 16 kilometr uzunluğunda rabitə xətti çəkilmiş və abonentlərin stasionar telefon, internet və IPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılmışdır. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazini əhatə edən müasir istirahət parkı salınmışdır.
3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınmışdır. Məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir.
