ŞUŞA
15
İyun2021
Türkiyə Respublikası Prezidentinin Şuşaya rəsmi səfəri və Şuşa Bəyannaməsinin imzalanması
İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərində rəsmi səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşıladıqdan sonra dövlət başçıları Şuşa şəhərinə yola düşmüşdürlər.
Şuşada Türkiyə Respublikası Prezidentinin rəsmi qarşılanma mərasimi olmuş, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüş, Türkiyə və Azərbaycan respublikalarının dövlət himnləri səsləndirilmişdir.
Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilmişdir. Təkbətək görüşdən sonra dövlət başçıları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalamışdırlar.
Şuşa şəhərinə səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət etmiş, “Xan qızı” bulağında olmuşdurlar.

