YANVAR – İYUN, 2023

18

Mart

Talış kəndindəki Klub icma mərkəzində və fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndindəki Klub icma mərkəzində yaradılan şəraitlə maraqlanmışdırlar. Daha sonra dövlətimizin başçısı və birinci xanım Talış kəndində fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə tanış olmuşdurlar.

Talış kəndində birinci mərhələdə 20 ev bərpa edilmiş və yenidən qurulmuşdur. Evlərin daxili hissələri və fasadları əsaslı təmir edilmiş, dam örtükləri tamamilə sökülərək yenilənmişdir. Daxili və xarici divarlarda konstruktiv möhkəmləndirmə işləri yerinə yetirilmişdir. Hər evin həyətyanı ərazisində əsaslı landşaft işləri görülmüş, fərdi əkin sahələri yaradılmış və təsərrüfat anbarları inşa edilmişdir. Bütün evlərin mövcud hasarları sökülmüş, əvəzində yeni hasarlar tikilmişdir. Evlərin daxili kommunikasiya xətləri yenidən qurulmuşdur. Martın 16-da Tərtər rayonunun Talış kəndinə “Böyük Qayıdış” proqramı çərçivəsində ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülmüşdür.

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitlə tanış olmuş və kənd sakinləri ilə görüşüb söhbət etmişdirlər. Söhbət zamanı ölkə başçısı kənd sakinlərini qarşıdan gələn bayram və Talış kəndinə qayıtmaqları münasibətilə təbrik etmişdir.