XOCALI
14
Sentyabr2025
Şuşakənd kəndinə səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində olmuşdur.
2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçən kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. Belə ki, mövcud elektrik xətləri, 3 su anbarı, subartezian quyusu bərpa olunmuş, transformator quraşdırılmış, sayğaclaşdırma işlərinə başlanılmış, qaz xətti çəkilmiş, mövcud içməli su şəbəkəsi təmir edilmişdir. Kənddə bayraq meydanı salınmış, kənddaxili yollar asfaltlanmışdır. Bundan başqa, rabitə xətlərinin layihəsi təsdiqlənmişdir. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür.
Şuşakənddə ümumilikdə 263 fərdi ev mövcuddur ki, onlardan 91-i yararsız, 172-si isə qismən yararlıdır. Hazırda 15 ev istismara hazırdır və bu evlərdə 15 ailə (59 nəfər) artıq məskunlaşmışdır. Bu ilin sonunadək daha 85 evin, 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır.
Səfər çərçivəsində dövlətimizin başçısı kəndə köçmüş Zaur Rzayevin evində olmuş, ailə üzvləri ilə söhbət etmişdir.
