İYUL – DEKABR, 2023

7

Noyabr

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Heydər Əliyev Fondu tərəfindən Çöl Qala məscidində və bulağında aparılan bərpa işləri ilə tanış olmuşdurlar.

Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olmuşdur. Məscid XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikdirilmişdir. Məscid minarəsiz formada inşa edilmişdir. Onun forması Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı olmuşdur. Məscidin ümumi girişi asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət olmuşdur. İbadət ocağının interyeri tamamilə İslam memarlığına uyğundur. Məscidin daxili hissəsi dörd ədəd səkkizguşəli daş sütunla bəzədilmişdir. Bu sütunlar ümumi ibadət zalını üç hissəyə ayırır. XIX əsrə aid Çöl Qala bulağı Çöl Qala məscidinin yaxınlığında yerləşir.