YANVAR – İYUN, 2024

11

May

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi

Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etmişdirlər.

Tədbir dövlətimizin başçısı Prezidenti İlham Əliyev və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin çıxışları ilə başlamışdır. Çıxışlardan sonra açılış konserti keçirilmişdir. Konsertdə “Xarıbülbül”ün bütün iştirakçılarının yer aldığı açılış kompozisiyasının müşayiəti ilə 27 Qarabağ atından ibarət süvari dəstə ICESCO-ya üzv ölkələrin bayraqları ilə Cıdır düzünə daxil olmuşdur.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın proqramı ifaçıların və repertuarın zənginliyi, fərqli təqdimatlar ilə seçilmişdir. Builki festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer almışdır. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunmuşdur.