29
Avqust
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulmasında iştirak etmişdirlər. Prezident İlham Əliyev “Otel və Konfrans Mərkəzi”nin təməlini qoymuşdur. Karvansaray konsepti əsas götürülərək, Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu “Otel və Konfrans Mərkəzi” müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilmişdir.
Mərkəz 2,8 hektar ərazini əhatə edəcəkdir. Memarlıq adət-ənənələrini özündə əks etdirən xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq ediləcəkdir. Fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunacaqdır. Mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının – XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanmışdır. Beş mərtəbədən və 150 nömrədən ibarət “Otel və Konfrans Mərkəzi”ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər olacaqdır.