İYUL – DEKABR, 2023

7

Noyabr

Şuşada 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdurlar.

23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılmışdır. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcəkdir. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaqdır. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcəkdir. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaqdır. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaqdır.