İYUL – DEKABR, 2021

7

Noyabr

Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoymuşdurlar. Şuşa Radio-Televiziya Yayım Stansiyası 1966-cı ildə inşa edilmişdir. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülürdü. Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olurdular. Stansiya dəfələrlə ermənilər tərəfindən ağır artilleriya atəşinə məruz qaldığından buradakı avadanlıqlar zədələnmiş, texniki binada ciddi dağıntılar baş vermişdir. 1992-ci ildə Şuşa işğal olunduğu zaman stansiyanın fəaliyyəti nəzarətdən çıxmışdır.

Şuşa işğaldan azad edildikdən sonra Şuşa Radio-Televiziya Yayım Stansiyasında ötən il dekabrın 31-dən radio-televiziya yayımlarının təşkili müvəqqəti bərpa edilmişdir. Stansiyadan yayımlanan 11 televiziya proqramının Şuşa, Xankəndi şəhərlərində və Xocalı, Ağdam, Bərdə rayonlarında, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin olunmuşdur. Layihəyə əsasən tikiləcək 130 metrlik metal qüllə dayanıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsinə imkan verəcəkdir. Şuşa və ətraf ərazilər keyfiyyətli radio-televiziya yayımları ilə təmin olunacaqdır.