ŞUŞA
9
MAY2025
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak etmişdirlər.
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulmuşdur. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcəkdir. Mərkəzdə həmçinin konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılmışdır.
Şuşa Müalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunmuşdur. Bunlar isə öz növbəsində mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır. Tibb ocağının ərazisində gigiyena və epidemiologiya mərkəzi, hemodializ və digər korpuslar inşa olunmuşdur.
