YANVAR – İYUN, 2023

10

May

 “Şuşa” hotel-konqres mərkəzi kompleksinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da “Şuşa” hotel-konqres mərkəzi kompleksinin açılışında iştirak etmişdirlər. Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan kompleks həm klassik, həm də postmodern memarlıq üslubunda layihələndirilmiş və mürəkkəb konstruktiv quruluşa malikdir.

Binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Kompleksin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunmuşdur. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunmuşdur. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının – XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəylinin ev-muzeyinin – tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan (əsasən palıd) hazırlanmışdır. Binanın fasad örtüyünün üzərində və vestibülün girişinin üzlüyündə təbii Şuşa daşı ilə hazırlanmış relyef işləmələr mövcuddur. Kompleksdə 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılmışdır.