AĞDAM
23
Dekabr2025
“Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoymuşdur.
İstehsal müəssisəsi Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaqdır. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaqdır. Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaqdır. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcəkdir.
İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulmuşdur. Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaqdır. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.

