YANVAR – İYUN, 2023

27

May

Şəlvə kəndinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı dövlətimizin başçısı kəndin təməlini qoymuşdur.

Şəlvə kəndi rayonun şimalında, Şəlvə çayının sahilində, dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşir. Yenidən qurulacaq yaşayış məntəqəsinin tərkibinə yaxınlıqda yerləşən İmanlar kəndi də daxil ediləcəkdir. Layihələndirilən ərazinin ümumi sahəsi 128 hektardır. Ərazidə 445 fərdi evin inşası nəzərdə tutulmuşdur. Birinci mərhələdə Şəlvə kəndinə qayıdacaq 494 sakin üçün 130 fərdi ev tikiləcəkdir. Bundan başqa, kənd ərazisində inzibati bina, mədəniyyət evi, 264 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, bazar kompleksi və digər zəruri infrastruktur obyektləri inşa olunacaqdır. İşğaldan əvvəl fəaliyyət göstərən və məcburi köçkünlük dövründə fəaliyyətini davam etdirən Şəlvə kənd musiqi məktəbi də yenidən tikiləcəkdir. Kənd ərazisində yerləşən və orta əsrlərə aid olan tarixi məbədin konservasiyası da nəzərdə tutulmuşdur.