4
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı dövlətimizin başçısı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoymuşdur.
Ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunmuşdur. Məhəllə şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaqdır. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur. Mənzillərdən 48-nin ikiotaqlı, 68-nin üçotaqlı, 20-sinin dördotaqlı və 20-sinin isə beşotaqlı olması planlaşdırılır. Binaların inşasında müasir memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaqdır.