YANVAR – İYUN, 2022

30

İyun

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaranması

Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlamışdır. Konfrans öz işinə iyunun 30-da start vermişdir.

Konfransın ilk günündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək konfrans iştirakçılarını salamlamışdır.

Çıxışı zamanı Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirildiyini və Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılacağını vurğulayan Prezident İlham Əliyev həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığını bildirmişdir.

Çıxışı zamanı eyni zamanda Azərbaycanla Ermənistan arasındakı keçmiş Qarabağ münaqişəsinə, 30 il boyunca torpaqlarımızın Ermənistanın işğalına məruz qaldığına, 1 milyon insanımızın məcburi şəkildə öz vətənlərindən didərgin düşdüyünə toxunan dövlətimizin başçısı, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın tarixi ədaləti bərpa edərək öz torpaqlarını düşmən işğalından azad etdiyi bir dövrdə göstərdiyi həmrəyliyə görə də Qoşulmama Hərəkatına üzv olan dövlətlərə dərin təşəkkürünü ifadə etmişdir.

Konfransın ilk günündə “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilmiş, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunmuş, qurumun sədri və sədr müavinləri seçilmişdir.