FÜZULİ
14
Sentyabr2025
Qaraxanbəyli kəndinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoymuşdur.
Kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcəkdir. Layihə iki mərhələdə icra olunacaqdır. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcəkdir. Bu mərhələdə buraya 404 ailənin, ümumilikdə isə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazidə 81 ədəd iki, 202 ədəd üç, 101 ədəd dörd, 20 ədəd beşotaqlı olmaqla 404 fərdi ev inşa ediləcəkdir. Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır.
2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaqdır. Həmin dövr ərzində buraya 1075 ailənin, ümumilikdə isə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur. İkinci mərhələ çərçivəsində iki, üç, dörd və beşotaqlı olmaqla 771 fərdi ev və iki-üçmərtəbəli yaşayış binaları inşa ediləcəkdir. Burada həmçinin məktəbin və 2 uşaq bağçasının inşası planlaşdırılır. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilmişdir.
