XANKƏNDİ
14
Sentyabr2025
Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etmişdir.
Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilmişdir. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılmışdır. Burada həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcəkdir. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcəkdir. Burada tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaqdır.
Tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanlar veriləcəkdir. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
