XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XANKƏNDİ

20

Sentyabr

2024

Qarabağ Universitetinin təmirdən sonra açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılmışdır.

Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilmişdir. Əsas tədris binasının qarşısındakı park sökülmüş, onun yerindəki 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınmışdır.

Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında pedaqoji, mühəndislik, humanitar və sosial elmlər, iqtisadiyyat və turizm fakültələri, 2-ci tədris binasında incəsənət fakültəsi, 3-cü tədris binasında isə beynəlxalq dil mərkəzi fəaliyyət göstərir. Universitetin bütün tədris binaları əsaslı təmir olunmuşdur.

Universitetdə 6 (fizika, kimya, mexatronika, robototexnika, kompüter və qrafiki dizayn, kompüter və proqramlaşdırma) laboratoriya yaradılmışdır. Universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur.

Bu tədris ilində ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə – pedaqoji, incəsənət, humanitar və sosial elmlər, iqtisadiyyat, mühəndislik və turizm fakültələrində aparılacaqdır. Hazırda universitetin 160 əməkdaşı vardır. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.

2024/2025-ci tədris ili üzrə universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planında ümumilikdə 1120 yer nəzərdə tutulmuşdur. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələrinə əsasən 1104 tələbə qəbul olmuş və qəbul planı 98,5 faiz yerinə yetirilmişdir. Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplamışdır. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınmışdır. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilmişdir. Ümumilikdə Qarabağ Universitetinə I–IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 təşkil etmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi