5
İyul
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində görülən işlərlə tanış olmuşdur.
Universitet binasının fasadında rəngləmə işləri aparılmış, əsas giriş hissənin isə tarixi formasına qaytarılması üçün əlavə dəyişikliklər edilmişdir. Binanın dəhlizlərinin döşəmələri sökülərək yenilənmişdir. Daxili divarların suvağı təzələnmiş, suvaqaltı kommunikasiya xətləri dəyişdirilmişdir. Bütün otaqlar müasir tələblərə uyğun mebel və avadanlıqlarla təchiz olunacaqdır. Universitetin ərazisində geniş abadlıq işləri görülmüşdür. Binanın qarşısındakı park sökülərək yerində müasir tələblərə uyğun yeni park salınmışdır.
İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə – pedaqoji, incəsənət, humanitar və sosial elmlər, iqtisadiyyat, mühəndislik və turizm fakültələrində aparılacaqdır. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaqdır. Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulmuşdur. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüterlə (notbuk) ilə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcəkdir. Tələbələr üçün ekoloji təmiz universitet şəhərciyi yaradılacaqdır.