16
Mart
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilmişdir. Tədbirdə iştirakı zamanı çıxış edən dövlətimizin başçısı İlham Əliyev qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələ ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından bir daha dərin hüznlə başsağlığı vermiş, yaralananlara şəfa diləmişdir.
Çıxışı zamanı Birinci Qarabağ müharibəsi və 30 illik işğal dövründə ermənilərin törətdikləri vandalizm mövzusuna toxunan Prezident İlham Əliyev eyni zamanda Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozduğunu, Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığını, hələ də Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin qalmaqda davam etdiyini bildirmiş, 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycanın bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri apardığı, Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərdə sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə salındığı barədə danışmış, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanıldığını diqqətə çatdırmışdır.