İyul – Dekabr, 2024

5

İyul

Prezident İlham Əliyevin Şuşada Türkiyənin xarici işlər nazirini qəbul etməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul etmişdir.

Söhbət zamanı bir neçə gün əvvəl Astanada dostluğun və qardaşlığın nümunəsi olan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüş məmnunluqla xatırlanmış, bundan sonra bu formatın davamlı olacağına əminlik ifadə edilmişdir.

Görüşdə ölkələrimiz arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunmuş, Türk dünyasının birliyinin və həmrəyliyinin önəminə toxunulmuşdur. Söhbət zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri də müzakirə edilmişdir.