İyul – Dekabr, 2024

5

İyul

Prezident İlham Əliyevin Şuşada TDT Baş katibini qəbul etməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul etmişdir.

Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünə və bu tədbirə dəvətə görə təşəkkürünü bildirmişdir. Zirvə toplantısının nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzulara həsr olunduğunu və bu məsələlər üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir. O, nəqliyyat və əlaqələr sahələrində çoxtərəfli əməkdaşlığın önəminə toxunmuş və bunun Türk dünyasının güclənməsinə əməli töhfə verəcəyinə əminliyini bildirmişdir. Kubanıçbek Ömüralıyev bu xüsusda Orta Dəhlizin əhəmiyyətini vurğulamışdır. Türk Dövlətləri Təşkilatının Baş katibi qəbul olunacaq Qarabağ Bəyannaməsinin təşkilatın inkişafı və qarşıda duran məqsədlərin həyata keçirilməsi baxımından önəmini qeyd etmiş və bunu tarixi bəyanat kimi dəyərləndirmişdir.

Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən birinin Türk dünyası olduğunu qeyd etmiş və Azərbaycan Milli Məclisində andiçmə mərasimində çıxışı zamanı Türk dünyasının bizim ailəmiz olması barədə bəyanatını bir daha xatırlatmışdır. Dövlətimizin başçısı Naxçıvan Sazişinin imzalanmasından etibarən Türk Dövlətləri Təşkilatının uğurlu inkişaf yolu keçdiyini və hazırda onun dünyada böyük nüfuza malik beynəlxalq təşkilatlardan biri olduğunu vurğulamışdır. Azərbaycan Prezidenti dövlət və hökumət başçılarının iştirakı ilə imzalanacaq Qarabağ Bəyannaməsinin tarixi xarakter daşıdığını və bunun əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafına ciddi təkan verəcəyinə əminliyini bildirmişdir.