YANVAR – İYUN, 2023

3

May

Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransda iştirakı

ADA Universitetinin təşkilatçılığı ilə mayın 3-də Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş və altmışdan çox elm adamı və politoloqun qatıldığı “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilmişdir.

Avrasiyanın üzləşdiyi risk və təhdidlərlə, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə halı almışdır. Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Bu konfrans, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma olaraq qiymətləndirilə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir. Açılış nitqi zamanı dövlətimizin başçısı qonaqları salamlamış və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu konfransı təşkil etdiyi üçün ADA Universitetinə təşəkkürünü bildirmişdir.