İYUL – DEKABR, 2023

21

İyul

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də “4-cü sənaye inqilabı dövründə yeni media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak etmişdir. Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentlikləri, 12 beynəlxalq təşkilat və media qurumu qatılmışdır. Həmçinin forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak etmişdir.

Mərasim zamanı çıxış edən Prezident İlham Əliyev tədbir iştirakçılarını salamlayaraq Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün dəvəti qəbul etdiklərinə görə qonaqlara təşəkkürünü bildirmiş, bu kimi tədbirlərin ölkəmiz və Qarabağ bölgəsi üçün əhəmiyyətli olduğunu vurğuladıqdan sonra qonaqların suallarını cavablandırmışdır.