YANVAR – İYUN, 2023

18

Fevral

Prezident İlham Əliyevin Münxendə Azərbaycan televiziya kanallarına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibə vermişdir.

Müsahibə zamanı İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyətin tamamilə dəyişdiyini, yeni reallıqların ortaya çıxdığını və bu reallıqların bizim mövqeyimizi daha da gücləndirdiyini bildirən Prezident İlham Əliyev bəzilərinin bu reallıqlarla barışmaq istəmədiyini, amma məcbur olub barışacaqlarını vurğulamışdır. Dövlətimizin başçısı həmçinin qeyd etmişdir ki, Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalıdır, açıqdır və daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyikdir.

Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması mövzusuna gəlincə Prezident İlham Əliyev qeyd etmişdir ki, bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır. Prezident İlham Aliyev qeyd etmişdir ki, biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin.