İYUL – DEKABR, 2023

7

Avqust

Prezident İlham Əliyevin Bərdədə Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirakı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edərək mərkəzin infrastrukturu ilə tanış olmuşdur.

Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümlü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar mövcuddur. Burada 48 peşə istiqaməti, o cümlədən dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, santexnik və digər peşələr üzrə tədrisin həyata keçirilməsi üçün infrastruktur yaradılmışdır. Mərkəzdə bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulmuşdur. Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 20 nəfərlik heyət fəaliyyət göstərəcəkdir.