İYUL – DEKABR, 2023

7

Avqust

Prezident İlham Əliyevin Bərdədə Qarabağ Regional DOST Mərkəzinin açılışında iştirakı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin açılışında iştirak etmişdir.

DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılmışdır. Agentliyin DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir.

Qarabağ Regional DOST Mərkəzinin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışacaq, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərəcəkdir. Mərkəzdə gün ərzində orta hesabla 650–700 vətəndaşın qəbulu nəzərdə tutulur. Qarabağ Regional Dost Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 770 mindən çox əhaliyə xidmət göstəriləcəkdir. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.