İYUL – DEKABR, 2023

13

Noyabr

Prezident İlham Əliyevin ATƏT Parlament Assambleyasının prezidentini qəbul etməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul etmişdir.

Görüşdə dövlətimizin başçısı qeyd etmişdir ki, Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı. İşğal dövründə həyata keçirilmiş vasitəçilik missiyaları tamamilə uğursuz olmuş, işğal və təcavüzün nəticələrini aradan qaldırmamışdır.

Dövlətimizin başçısı vurğulamışdır ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanmış 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri Ermənistan yerinə yetirməmişdir. Belə ki, Ermənistan nəinki Qarabağdakı silahlı qüvvələrini ərazidən çıxarmamış, hətta həmin ərazini hərbi texnikanın, silahlı qüvvələrinin şəxsi heyətinin və minaların daşınması üçün məqsədyönlü şəkildə istifadə etmişdir. Həmçinin Ermənistan Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini yerinə yetirməmişdir. Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar vardır. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.