İYUL – DEKABR, 2023

27

Sentyabr

Prezident İlham Əliyevin ABŞ nümayəndələrini qəbul etməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul etmişdir.

Görüşdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində yaranmış hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılmışdır. Yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə olunduğunu vurğulayan Azərbaycan Prezidenti hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edildiyini və onların Azərbaycan ərazisindən çıxarılması prosesinin həyata keçirildiyini bildirmişdir. Azərbaycan Prezidenti qeyd etmişdir ki, antiterror tədbirləri zamanı mülki əhaliyə ziyan dəyməmiş, hədəf ancaq qanunsuz erməni silahlı birləşmələri və hərbi obyektlər olmuşdur. Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcəkdir.