İYUL – DEKABR, 2023

27

Sentyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakıda inşası davam etdirilən Zəfər parkına səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sentyabrın 27-də – Anım Günündə Bakıda inşası davam etdirilən Zəfər parkında olmuşdurlar. Dövlətimizin başçısı və birinci xanım parkın girişində xatirə daşının önünə gül dəstələri qoymuşdurlar.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddətdə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihəsi hazırlanmışdır. Layihəyə əsasən torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcəkdir. 8 Noyabr prospektində inşa olunan Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcəkdir.