24
Dekabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərləri zamanı dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak etmişdir. Açılış zamanı Prezident İlham Əliyev yarımstansiyanı işə salmışdır.
“AzərEnerji” tərəfindən inşa edilən 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyası Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində inşa edilmişdir. “Ağdam” qovşaq yarımstansiyasına “Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilmişdir.
“Ağdam” qovşaq yarımstansiyasında 110 kV-luq açıq paylayıcı qurğu yaradılmış və açarların, ayırıcıların və digər texniki avadanlıqların açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilmişdir. Yarımstansiyanın yeni tikilən idarəetmə mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilmişdir. Bununla yanaşı, mərkəz əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilmişdir. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılmış və “AzərEnerji”nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılmışdır.