İYUL – DEKABR, 2022

6

Oktyabr

Prezident İlham Əliyevin Praqada “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada iştirakı

Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində oktyabrın 6-da “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni vəziyyət yaranmışdır. Ermənistan tərəfindən 30 illik işğala, işğal dövründə törədilmiş dağıntılara, vəhşiliklərə baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, bu sülh müqaviləsinin əsasını Azərbaycanın təklif etdiyi 5 prinsip – Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması təşkil etməlidir.

Bu xüsusda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində və Brüssel sülh gündəliyinin formalaşmasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı və təşəbbüsü ilə keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev xatırlatmışdır ki, oktyabrın 2-də iki ölkənin xarici işlər nazirləri bu xüsusda görüş keçirmişdirlər. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəklədiyini, Azərbaycanla Ermənistan arasında olan normallaşma prosesi və Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi bir-birini tamamlayacaq proseslər olduğunu və bütövlükdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərə biləcəyini qeyd etmişdir.

Dövlətimizin başçısı, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilə biləcəyi vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd etmişdir. Yekunda Prezident İlham Əliyev bir daha dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin rolunu qeyd etmiş, xüsusilə ərazi bütövlüyü prinsipinə diqqət çəkmişdir. Bu prinsipə münasibətdə eyni yanaşmanın və dövlətlərarası münasibətlərdə bu prinsipin üstünlük təşkil etməsinin vacibliyini vurğulayaraq bu prinsipə münasibətdə selektiv yanaşmaların kənara qoyulmasının önəmini qeyd etmişdir.