İYUL – DEKABR, 2023

23

Avqust

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın Füzuli şəhərinin Baş planı ilə tanışlığı

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Füzuli şəhərinin Baş planı ilə tanış olmuşdurlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə və xanımı Ziroatxon Mirziyoyevaya Füzulidə görülən və görüləcək işlər barədə məlumat verilmişdir.

Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaqdır.

Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılmışdır.