İYUL – DEKABR, 2021

29

Avqust

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılış mərasimi

Şuşada dahi Azərbaycan şairi və ictimai-xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da açılış mərasimində iştirak etmiş və görülən işlərlə tanış olmuşdurlar.

1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdur. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul – 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdir.

Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üzərində inşa edilmişdir. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdir. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdur. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilmişdir. Şuşa şəhəri işğaldan azad edildikdən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə – yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verilmişdir.

Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılmışdır. 2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılmış və bu çərçivədə işçi layihələr hazırlanmışdır. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilmiş, korroziyaya qarşı əlavə tədbirlər görülmüşdür. Abidənin dam örtüyü yenidən qurulmuşdur. Topoqrafiya işləri nəticəsində əldə edilən məlumatlar üzrə, o cümlədən ərazidə axtarış işləri keçirtməklə qırılmış, dağılmış üzlük hissələrin əldə edilməsi ilə birlikdə abidənin ilkin ölçülərinin bərpası məqsədilə memarlıq işçi layihələri hazırlanmışdır. Bu layihələr əsasında fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənmiş və abidənin tarixi görkəmi bərpa edilmişdir. Ərazidən tapılan tökmə alüminium şəbəkə nümunəsi əsasında hazırlanmış işçi layihələr üzrə bütün şəbəkə və dekorlar, o cümlədən giriş qapısı tökmə üsulu ilə alüminium materialdan tarixi ölçüləri qorunmaqla hazırlanmış, Şuşa şəhərinə gətirilərək layihə üzrə quraşdırılmışdır. Salonun mərkəzində qəbir daşı üzərində qara mərmərdən sənduqə qoyulmuş, ilkin formanın bərpası nəzərə alınmaqla büst ağ mərmərdən işlənib hazırlanaraq quraşdırılmışdır. Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılmışdır. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulmuş, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılmışdır. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənmişdir. Ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilmişdir.