YANVAR – İYUN, 2022

10

May

Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada Mehmandarovların malikanə kompleksində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olmuşdurlar.

İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparmışdırlar və bunun əsasında bərpa prosesi icra olunur. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Ötən müddətdə evin dam örtüyü orijinala uyğun quraşdırılmış, binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilmişdir. Kompleksin həyətində bulağın bərpası yekunlaşmış, landşaft işlərinə hazırlıq görülmüşdür.