LAÇIN
27
MAY2025
Laçında “Aşağı Malıbəy” və “Mirik” su-elektrik stansiyalarının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Aşağı Malıbəy” və “Mirik” su-elektrik stansiyalarının açılışında iştirak edərək su-elektrik stansiyalarını işə salmışdır.
“Aşağı Malıbəy” və “Mirik” su-elektrik stansiyaları Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilmişdir. 3,1 MVt gücündə “Aşağı Malıbəy” və 3,5 MVt gücündə “Mirik” su-elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılmış, optik kabel xətləri çəkilmişdir. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunmuşdur.
“Aşağı Malıbəy” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulmuşdur ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaqdır. Bununla il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaqdır. Yeni istismara verilən stansiyalarda Laçın rayonunun sakinləri çalışacaqdırlar.
