27
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq Laçın şəhər yarımstansiyasının açılışında iştirak etmişdir. Açılış zamanı dövlətimizin başçısı yarımstansiyanı işə salmışdır.
110/35/10 kV-luq Laçın şəhər yarımstansiyası rəqəmsal qaydada ən müasir texnologiyalardan istifadə olunmaqla ərsəyə gətirilmişdir. Paralel olaraq, Laçın şəhərinə “Qubadlı” yarımstansiyasından başlayaraq və “Güləbird” su-elektrik stansiyasından keçməklə ümumilikdə 40 kilometr məsafədə 110 kV-luq ötürmə xətti çəkilmişdir.
İşğaldan azad edilən ərazilərdə indiyədək “AzərEnerji” ASC tərəfindən 11 yerdə tikilən 110 kV-luq yarımstansiyalardan Laçın şəhər yarımstansiyasının xüsusi fərqi ondan ibarətdir ki, bu yarımstansiya həm də işğaldan azad olunan ərazilərin qovşaq yarımstansiyası funksiyasını daşıyacaqdır. Belə ki, yeni istifadəyə verilən 330 kV-luq “Cəbrayıl” enerji qovşağından və Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq 110 kV-luq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyaları, oradan isə “Güləbird” su-elektrik stansiyası ilə əlaqələnən 110 kV-luq xətt artıq “Laçın” şəhər yarımstansiyasına birləşdirilmişdir.
Digər istiqamətdən “Daşkəsən”, “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına, o cümlədən “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına çəkilmiş mövcud 110 kV-luq ikidövrəli xətlər də gələcəkdə “Laçın” qovşaq yarımstansiyası ilə əlaqələndiriləcəkdir. Bununla da Qarabağın və Şərqi Zəngəzurun 110 kV-luq ikidövrəli xətlərinin dairəvi elektrik təchizatı yaradılacaq və hansısa xətdə qəza baş versə belə, enerji təchizatında fasiləsizlik təmin ediləcəkdir.
Strateji əhəmiyyətli Laçın şəhər yarımstansiyasında ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu və rəqəmsal idarəetmə mərkəzi tikilmişdir. 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğularla təchiz olunmuş idarəetmə mərkəzində yaradılan SCADA dispetçer idarəetmə sistemi rəqəmsal qaydada enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunmuşdur. Bunun üçün informasiya mübadiləsi və aktivlərin onlayn müşahidəsinə imkan verən fiberoptik şəbəkə yaradılmışdır. Eyni zamanda, yarımstansiyada yanğın və partlayışa qarşı SERJİ sistemi qurulmuşdur.