LAÇIN
27
MAY2025
Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın şəhərində Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir.
Yeni mərkəz Laçın şəhərindəki yaşayış komplekslərinin, sənaye və sosial infrastruktur obyektlərinin, kənd təsərrüfatı sahələri və turizm məkanlarının elektrik enerjisi ilə fasiləsiz və dayanıqlı şəkildə təmin olunmasını nəzərdə tutur. Rəqəmsal İdarəetmə Mərkəzi elektrik şəbəkəsinin vəziyyətinə dair məlumatların toplanması, təhlili və avadanlıqların avtomatik idarə olunması imkanlarını təmin edən innovativ texnoloji platformadır. Mərkəzdə hər biri 1600 kVA gücündə iki transformator və 35 kV-luq və 0,4 kV-luq qapalı paylayıcı qurğular quraşdırılmışdır. Enerji təchizatı “Laçın” yarımstansiyasından çəkilmiş 4,8 kilometr uzunluğundakı ikidövrəli elektrik verilişi xətləri vasitəsilə həyata keçirilir.
Burada quraşdırılan müasir avadanlıqlar enerjinin ötürülməsində itkiləri və istismar xərclərini minimuma endirməklə yanaşı, texnoloji ölçmələrin dəqiqliyini və əməliyyatların avtomatlaşdırılmasını təmin edir. İstehlakçılar üçün planlı elektrik fasilələri barədə öncədən onlayn məlumatlandırma imkanı yaradılmışdır. Mərkəz həmçinin bərpaolunan enerji mənbələrinin (“yaşıl enerji”nin) şəbəkəyə inteqrasiyasını avtomatik idarə etməklə enerji təchizatında fasilələrin yaranmasının qarşısını alır. Qapalı tipli yarımstansiyada idarəetmə məsafədən həyata keçirilir, bu isə daimi işçi heyətinə ehtiyacı aradan qaldırır.
