LAÇIN
28
MAY2025
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmişdirlər. Prezidentlər rəmzi lenti kəsərək hava limanının açılışını elan etmişdirlər. Onlara hava limanının rəmzi açarları təqdim olunmuşdur. Daha sonra dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olmuşdurlar.
Mürəkkəb dağlıq relyefdə yerləşən və işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanı olan Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuşdur. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən hava limanı olan Laçın Beynəlxalq Hava Limanı Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşir.
Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilmişdir. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş hava hərəkətini idarəetmə qülləsi uçuşların beynəlxalq normalara və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.


