XANKƏNDİ
23
Dekabr2025
Kərkicahan qəsəbəsinə səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olmuşdur.
Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılmışdır. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə – öz dədə-baba yurdlarına qayıtmışdır.
Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunmuşdur. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılmış, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilmiş, işıq dirəkləri quraşdırılmış, küçə işıqlandırılması təmin olunmuş, daxili yollar asfaltlanmışdır. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılmışdır.
Səfər çərçivəsində dövlətimizin başçısı Kərkicahan qəsəbə sakini Yadigar Əsədovanın evində olmuş və ev sakinləri ilə söhbət etmişdir.

