KƏLBƏCƏR
2
Sentyabr2024
Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoymuşdur.
İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaqdır. Baş plana əsasən gələcəkdə burada 159 fərdi ev, “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcəkdir.
Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beşotaqlı fərdi evlər tikiləcək və qəsəbəyə birinci mərhələdə 159 ailə köçürüləcəkdir.
İstisu qəsəbəsində 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, bayraq meydanı, idman meydançası və digər zəruri obyektlər yaradılacaqdır.

