İYUL – DEKABR, 2023

25

Avqust

Kəlbəcərdə “Soyuqbulaq” kiçik su-elektrik stansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfərləri zamanı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” kiçik su-elektrik stansiyasının açılışında iştirak etmişdirlər. Açılış zamanı dövlətimizin başçısı “Soyuqbulaq” kiçik su-elektrik stansiyasını işə salmışdır.

Kəlbəcər rayonunun ərazisindən keçən bolsulu Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” kiçik su-elektrik stansiyası “Azərenerji” tərəfindən tamamilə yenidən qurulmuşdur. İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına əsasən “Azərenerji” tərəfindən su-elektrik stansiyasının baş suqəbuledici qurğusu, 6 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulmuşdur. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı, iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılmışdır. Stansiyanın enerjisistemə inteqrasiyası üçün uzunluğu 6 kilometr olan 6 kV-luq kabel xətti çəkilmiş, eyni zamanda optik kabel xətti ilə də əlaqələndirilmişdir. Ərazidə fors-major hallar üçün ehtiyat dizel generatoru da quraşdırılmışdır. “Soyuqbulaq” kiçik su-elektrik stansiyası enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuşdur. Stansiyada il ərzində 15,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaqdır.