İYUL – DEKABR, 2023

25

Avqust

Kəlbəcərdə “Çıraq-1” və “Çıraq-2” kiçik su-elektrik stansiyalarının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” kiçik su-elektrik stansiyalarının açılışında iştirak etmişdir. Açılış zamanı dövlətimizin başçısı su-elektrik stansiyalarını işə salmışdır.

Kəlbəcər rayonunun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” kiçik su-elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən ən müasir avadanlıqla təchiz olunaraq tamamilə yenidən qurulmuşdur. Ərazidə iqlim və relyefin sərt olmağına baxmayaraq, tikinti işləri cədvəldən əvvəl başa çatdırılmışdır. Burada çayın 50 faiz təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları subasardan hündür hissədə quraşdırılmışdır. Həmçinin sel suları nəzərə alınaraq 1750 metr mütləq yüksəklikdə yerləşən idarəolunan baş suqəbuledici qurğu tikilmiş, eləcə də 7 kilometr uzunluğunda derivasiya boruları yenidən çəkilmişdir.

“Çıraq-1” və “Çıraq-2” stansiyalarının hər biri üçün maşın zalı tikilmiş, Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir ekoturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılmışdır. “Çıraq-1” və “Çıraq-2” stansiyaları enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuşdur. Hər iki stansiyada ümumilikdə il ərzində 35 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunacaqdır.